Mədəniyyət inancları, ideyaları, ənənələri, dini simvolları, rəqsləri, dili, mətbəxi, geyimləri, folkloru və s. əhatə edən anlayışdır. Hansı ki, sadaladıqlarım insanlar tərəfindən yaradılan, onların həyat şəraitini, coğrafi yerləşməsini və başqa bu insanlara məxsus spesifik xüsusiyyətləri təcəssüm etdirən maddi və mənəvi dəyərlərdir. Nəticədə bu mədəniyyətin məxsus olduğu insanlar elə onun yaradıcılarıdır.
Mədəni mənimsəmə isə bütün bunların: inancların, ideyaların, ənənələrin, dini simvolların, rəqslərin, dilin, mətbəxin, geyimlərin, folklorun və s. məxsus olduğu insanların icazəsi, razılığı olmadan istirmarçı, kommersiya məqsədi ilə istifadə edilməsidir. Mədəni mənimsəmə(cultural appropriation) hüquqa ziddir. Mədəni mənimsəmə haqqında çoxluq və azlıq, güclü və zəif anlayışları ilə tez-tez qarşılaşa bilərsiniz çünki mədəni mənimsəmə adətən, belə qruplar arasında(çoxluq təşkil edən qrupun azlığın hüquqlarını tapdalayaraq mədəni mənimsəməni həyata keçirməsi kimi) baş verir. Qeyd etməliyəm ki, müasir dövrdə bu anlayışlar (“minor group”, “major gruop”) müəyyən dərəcə öz mənasını dəyişsə də ancaq təəssüf ki, bu dəyişkənlik tamamilə mahiyyəti xarekter almamışdır.
Moda sənayesində mədəni mənimsəmə isə son zamanlar tez-tez qarşılaşdığımız “trend”ə çevrilmişdir. Belə ki, siz Milan, Paris və s. kimi məşhur moda həftələrində üzərində yerli xalqların mədəniyyətinin göstəriciləri olan geyimlərlə, aksessuarlarla qarşılaşa bilərsiniz.

Givenchy, Valentino, DSQUARED2, DKNY kimi brendlər hətta, mədəni mənimsəmə ilə günahlandırılmaqdan boyun qaçırmaq üçün yerli amerikalı dizaynerlərdən istifadə edirlər. Əlbəttə, bunun adekvat həll yolu olub olmaması mübahisəlidir.
Maraqlısı odur ki, bəzən fashion dizaynerlər sadəcə digər xalqların mədəniyyətindən ilhamlanaraq geyimlər, aksessuarlar və s. ərsəyə gətirdiklərini bildirirlər. Müəlliflik hüququ cəhətdən, başqa birinin yaratdığı obyektdən ilhamlanaraq digər bir müəlliflik hüququ obyektinin yaradılması tanınır və qorunur. Əlbəttə, bu ilhamlanma obyektin orijinallığının itməsinə səbəb olmamalıdır. (Inspriation or copy?)

İstifadə zamanı moda brendləri istifadə etdikləri geyimlərin, aksessuarların mədəniyyətlərinin bir parçası olan insanlara, qruplara(daha çox yerlilər) ədalətli ödəniş edib, onların razılğını alırlar mı? İlk baxışda bu həqiqət kimi görünmür. Təsəvvür edin, “Dior” hippilərə məxsus aksessuarları kommersiya məqsədi ilə istifadə etmək üçün hippilərin razılığını alıb, onlara müfaviq ödəniş edir. Bu prosesin reallaşması üçün sözügedən insanların birlikləri olmalıdır, hansı ki, bu birlik onları təmsil edib, hüquq və mənafelərini qoruyur. Belə birliklərlə moda sənayəsində fəaliyyət göstərən şirkətlər arasında müqavilə bağlanılıb, istifadəni şərtləndirən razılıq əldə olunur. Bu halda istifadə mədəni mənimsəmə çərçivəsindən istisna edilir. Eyni zamanda yaradanlar, yaradıcılıq da mükafatlandırılır.

Digər tərəfdən həqiqətən də, fərqli mədəniyyətlərin gözəlliyini təqdir etmək məqsədi ilə başqa millətlərə məxsus geyimlərdən, aksessuarlardan istifadə edənlər də mövcuddur ki, bu mədəni mənimsəmə yox, mədəniyyətin təqdir edilməsidir. (appreciation not appropriation)

Fərqli mədəniyyətdən istifadəyə insanların münasibəti həmişə müsbət olmur, belə istifadə çoxluqda qıcıq yarada bilir. (“my culture is not a trend”, “appropriation is not cute”) Nəzərə alsaq ki, son zamanlara qədər “multikulturalizm”, “mədəni yaxınlıq” və s. gündəmdə olsa da, indi insanlar mədəni kimliklərini, mədəni müxtəlifliyi qorumağa daha meyillidirlər.
Ümumiyyətlə, qeyd etməliyəm ki, mədəniyyətin obyektləri bir qədər “sui generius” (özünə məxsus, varlığının tələb etdiyi şəkildə) tənzimləmə tələb edir. Müqayisə üçün, məsələn, folklor nümünələrinin Azərbaycanda qorunma mexanizminə nəzər yetirək. Azərbaycan Respublikası Müəlliflik və əlaqəli hüquqlar haqqında Qanununun “müəlliflik hüququ ilə qorunmayan obyektlər” adlı maddəsinə folklor nümünələri də aid edilmişdir. Deməli, folklor nümünələrinin qorunmasını, istifadəsini tənzimləyən ayrıca qanun: Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” qanun mövcuddur. “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” qanuna əsasən, folklor nümunələrindən Azərbaycan Respublikası ərazisində ənənəvi və adi, o cümlədən kommersiya məqsədi ilə istifadə formaları sərbəstdir. Lakin, digər dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının hüdudlarından kənarda folklor nümunələrindən kommersiya məqsədi ilə yalnız müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi əsasında və istifadəyə görə haqq ödəməklə istifadə edə bilərlər. Nəticədə əgər siz özünüzü kommersiya, istismarçı məqsəd olmadan geyşa kimi geyinərək ifadə etmək istəyirsinizsə bu mədəni mənimsəmə deyil. Əlbəttə, istifadə etdiyiniz mədəniyyətin mahiyyət və məzmununa xələl gətirməməli, insanlarda bu mədəniyyətə qarşı mənfi rəy oyatmamalısınız.
Hər bir halda istifadə edilən mədəniyyətin mənbəyi manupulyasiya olunmamalıdır. Etiraf edək ki, çoğumuz başında lələklər olan birini gördükdə hinduları xatırlayır və ya geyşa kimi geyinən bir xanım gördükdə geyimin mənbəyi-mədəniyyəti haqqında bizdə assosasiya yaranır. Ancaq kifayət qədər geyimlər, bəzək əşyaları və s. var ki, bizim onların hansı mədəniyyətə məxsus olduğu haqqında heç bir fikrimiz yoxdur. Biz o geyimləri, bəzək əşyalarını tanınmış brendlərdə görüb bəyəndikdə, təqdir etdiyimiz həmin brendlərin dizaynerləri olur. Nəticədə dizayner öz əqli fəaliyyətinin nəticəsi olmayan obyektlərə görə təqdir edilir. Əqli mülkiyyət hüququnda mövcud nəzəriyyələrdən biri olan əmək nəzəriyyəsinə (labour theory) görə hər kəsin öz yaradıcılığının meyvəsini yemək, ondan zövq almaq hüququ vardır. Əlbəttə, öz əməyinin-əqli fəaliyyətinin nəticəsi olmayan obyektlər üzərində əmlak və qeyri əmlak hüquqları əldə etmək yolverilməzdir.
Mənbələr:
Gerry Biron, “The cultural appropriation of American Indian images in advertising, 1880s–1920,” Whispering Wind 44, 3 (2016).
Wang, Connie. Who You’re Insulting When You Buy “Native American”-Inspired Things. Refinery29, 2015. http://www.refinery29.com/native-american-fashion
Shand, Peter. Scenes from the Colonial Catwalk: Cultural Appropriation, Intellectual Property Rights, and Fashion. The University of California, 2002.
Fisher William, “Theories of Intellectual property”, Cambrifge University Press(2001).
“Müəlliflik və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunu
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanunu