Mülkiyyət bəşər tarixi boyu həm fərdlərin, həm də cəmiyyətlərin diqqət mərkəzində olmuş, tarixi prosesdə dəyişikliklərə məruz qalmışdır. Bu transformasiya dünya tarixində yaşanan iqtisadi, siyasi və dini sistemlərin təsiri altında indiki formasını almışdır. Etiraf etmək lazımdır ki, son dövrlərdə ənənəvi, haqqında danışmağa öyrəşdiyimiz mülkiyyətdən daha çox, şəxsi qeyri-əmlak hüquqları ilə bağlı olan əqli mülkiyyət gündəmdədir.
Əqli mülkiyyət hər yerdədir, telefonlarımızdan tutmuş dinlədiyimiz musiqiyə, izlədiyimiz filmə, oxuduğumuz kitablara, sevimli brendlərimizə, hətta yediyimiz KFC qızardılmış toyuqlarına qədər. Göründüyü kimi, əqli mülkiyyət fərqli formalarda mövcud ola bilər, bu formalara görə onun müxtəlif növləri var, məsələn, patent, müəlliflik, əmtəə nişanı, kommersiya sirri və s.
Əqli mülkiyyət əqli fəaliyyətimizin müəyyən şərtlərə cavab verən nəticələrindən yaranan hüquqları əhatə edir desək, yanılmarıq. Burada diqqət edilməli iki məqam vardır:
1. Əqli mülkiyyətin əqli fəaliyyətimizin müəyyən şərtlərə cavab verən nəticələrini mühafizə etməsi:
Məsələ burasındadır ki, hər əqli fəaliyyətimizin nəticəsinə görə yox, müəyyən şərtlərə cavab verən əqli fəaliyyətimizin nəticəsinə görə hüquqi mühafizə ilə təmin edilirik. Yəni, siz tutaq ki, uzun müddətdir bir qurğu üzərində çalışırsınız, müəyyən zaman, əziyyət sərf edirsiniz və düşünürsünüz ki, bu qurğuya faydalı model kimi patent ala biləcəksiniz. Lakin ortada əqli fəaliyyət və onun nəticəsi olan qurğu olsa da, əgər bu qurğu qanunvericiliyin faydalı modelin patent qabiliyyəti üçün müəyyənləşdirdiyi şərtlərinə (Patent haqqında Qanun, maddə 8) cavab vermirsə, siz bu qurğuya patent ala bilməyəcəksiniz.
Yuxarıda hüquqi mühafizə dedikdə isə geniş mənada əqli mülkiyyət sahibinə verilən müstəsna hüquqlar başa düşülür. Bu hüquqlar mülkiyyət üzərində sərəncamçılığı təsbit edərək maddi mülkiyyətin qorunmasından az olmayan qorunmanı təmin edir. Əqli mülkiyyətə müstəsna hüququn sahibi özünün əmlak hüquqlarını maddi mülkiyyət sahibi kimi sərbəst həyata keçirə, həyata keçirilməsinə icazə verə, sata və ya ondan imtina edə bilər.
Nəticədə, belə hüquqları əldə etmək üçün, kobud dildə desək, bu hüquqlara layiq olmaq üçün əqli fəaliyyətimizin nəticəsi müəyyən şərtlərə cavab verməlidir. Bu şərtlər qanunvericilikdə öz əksini tapmışdır. Məsələn, müəlliflik hüququnun yaranması üçün əsər Müəlliflik və əlaqəli hüquqlar haqqında Qanunda göstərilən “Müəlliflik hüququnun obyektləri” siyahısına aid ola bilməli, orijinal olmalı və obyektiv təcəssüm formasında (fixtation) mövcud olmalıdır. Patent haqqında Qanunun “İxtira, faydalı model və sənayə nümunələrinin patent qabiliyyəti şərtləri” adlı II fəslində də bu şərtlər öz əksini tapmışdır və s.
Beləliklə, siz özünüz əqli mülkiyyət hüquqları əldə etmək istədikdə və ya sizə hüquqşünas olaraq belə hüquqlarla əlaqəli hər hansı məsələ ilə bağlı müraciət edildikdə, nəzərdən keçirməli olduğunuz ilk məsələ iddia edilən əqli mülkiyyətin qanunvericiliyin şərtlərinə cavab verib-verməməsidir.
2. Əqli mülkiyyətin qeyri-maddi xarekteri
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ özlüyündə sahiblik, sərəncam, istifadə hüquqlarını ehtiva edir. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məsələn, mülkiyyətimdə maşın varsa, mən onu sata, kirayəyə verə və ya heç istifadə etməyə, hətta, maşını ayrı-ayrı hissələrə bölüb sata da bilərəm. Çünki mənim mülkiyyət hüququm mənə bunları etməyə icazə verir və başqalarının mənim razılığım olmadan bunlardan birini etməsinin qarşısını alır. İstər anlayışdan, istərsə də izahdan göründüyü kimi bütün bunların mərkəzində fiziki mövcüd olan əmlak (əşya) dayanır. Amma əqli mülkiyyətdə bu belə deyil, çünki burada mülkiyyətçinin mülkiyyət hüququnun mərkəzində əmlak (əşya) yox, fikir, ideya kimi əqli fəaliyyət dayanır. Belə əqli fəaliyyətin nəticəsi-ideyanın təcəssümü əqli mülkiyyətin obyekti olur. Baxmayaraq ki, bu fikir, ideya tək başına əqli mülkiyyətin obyekti ola bilmir, lakin onun vasitəsilə müəllif nəticə ortaya qoyur. Burada nəticəni həmin ideyanın işləkliyinin, həyata keçiriləbilənliyinin sübütü kimi də qiymətləndirmək olar. Əqli mülkiyyətin digər fərqli cəhəti isə asanlıqla bölüşüləbilən olmasıdır. Məsələn, eyni anda minlərlə insan eyni ideyanı istifadə edə bilər (məsələn, torrent sayt üzərindən sürətlə yayılan filmlər), amma sizin maşınızdan eyni anda neçə nəfər istifadə edə bilər ki? Məsələnin digər yanı ondan ibarətdir ki, əgər siz başqasına maşınızı versəniz, maşınız olmayacaq, və ya maşınız oğurlansa onun yoxluğunu asanlıqla hiss edəcəksiniz, amma əqli mülkiyyət belə deyil, yuxarıda da qeyd edildiyi kimi, eyni anda müəllifin əqli fəaliyyətinin nəticəsindən minlərlə insan eyni keyfiyyət və kəmiyyətdə yararlana bilər. Məhz bu xüsusiyyət əqli mülkiyyətin mühafizəsini çətinləşdirir.
Yuxarıdakıları nəzərə alaraq bu nəticəyə gəlirik ki, əqli mülkiyyət sahəsində hüquqi mühafizə əqli fəaliyyətimizin müəyyən şərtlərə cavab verən nəticələrinə aid edilir və əqli mülkiyyətin mərkəzində əmlak (əşya) yox, fikir, ideya dayanır.
Mənbələr:
- Azəycan Respublikasının Mülki Məcəlləsi
- Patent haqqında Azərbaycan Respublikasının Qanunu
- Müəlliflik və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu (
- Property and Intellectual Property https://philosophia.uncg.edu/phi361-matteson/module-6-privacy-property-and-technology/property-and-intellectual-property/
*Bloq yazısının adı Dünya Əqli Mülkiyyət Təşkilatının “Intellectual Property explained with James Bond” paylaşımından götürülmüşdür.