Bu içki adətən önəmli günləri, hadisələri qeyd etmək üçün içilir, hətta belə bir deyim
var: “that was a champagne moment!”. Yəni, çox istədiyiniz bir şey reallaşıb və bu əsl şampanla qeyd edilməli hadisədi. Etiraf edək ki, daha çox qərb ənənəsinə məxsus olsa da, bizim də süfrələrimizdə, xüsusilə yeni ildə şampana ya da şampan adıyla aldığımız içkiyə rast gəlmək olar. Son cümləmdə içdiyimizin şampan olub olmamasını sual altına qoymağım əbəs yerə deyil. Belə ki, Şampan komitəsinin rəsmi səhifəsinə daxil olsanız, “Champagne only comes from Champagne, France” başlığı ilə rastlaşacaqsınız. Bu komitə şampanın öz mənşəyini yalnız Fransanın Şampan vilayətindən götürdüyünü və burada müəyyənləşdirilmiş qayda və ənənələr altında istehsal olunmayan içkinin şampan adı ilə bazara çıxarılmasının yolverilməz olduğunu vurğulayır və bunu təbliğ edir. Yuxarıda qeyd etdiyim səhifədə bununla bağlı məhkəmə işlərini və mübahisələri görmək kifayətdir ki, komitənin bu məsələyə necə ciddi və həssas yanaşdığını anlayasınız.
Biz şampanı qazlı şərab əvəzinə və onu təsvir etmək üçün ümumi söz (generic word) kimi istifadə edirik, bu isə çox ölkələr tərəfindən həmin qazlı şampan Fransanın Şampan vilayətində müəyyənləşdirilmiş qaydalar altında istehsal olunmadığı halda qadağandır.
Burada iki yanaşma var, 1) şampan coğrafi göstəricidir və hüquqi cəhətdən qorunur; 2) Şampan qazlı şərabı ifadə etmək üçün istifadə olunan ümumi sözdür və buna görə də hüquqi mühafizədən məhrumdur. Yanaşmaları başa düşmək üçün ilk olaraq iki anlayışı: coğrafi göstərici və ümumi söz (əmtəə nişanı və coğrafi göstərici kontekstində) anlayışlarını analiz edək.
Coğrafi göstəricilər
Coğrafi göstərici anlayışına ilk dəfə 1994-cü il TRIPS Sazişində ( Trade-Related Aspects of Intellectual property rights/Əqli Mülkiyyət Hüququnun Ticarətlə Əlaqədar Aspektləri üzrə Sazişi) istinad edilmişdir. Məhz bundan sonra coğrafi göstəricilərə xüsusilə də, kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən diqqət daha da artmağa başladı.
Azərbaycan Respublikasının Əmtəə nişanı və coğrafi göstəricilər haqqında qanunun 1-ci maddəsində verilən anlayışa görə coğrafi göstərici – əmtəənin mənşəyinin dövlət, bölgə, ərazi, yaxud müəyyən ərazidəki yer ilə (coğrafi obyektlə) bağlılığını müəyyənləşdirən, eyni zamanda bu əmtəənin xüsusi keyfiyyətini, şöhrətini və başqa xassələrini əsasən coğrafi mənşə ilə əlaqədar əks etdirən işarədir. Anlayışdan da göründüyü kimi coğrafi göstərici əmtəə və region arasında olan əlaqənin göstəricisi olan işarədir. Coğrafi göstəricilərə misal olaraq Badamlı, Sirab sularını, Ağdam çaxırını, arqan yağını, Havana siqaretini və s. göstərmək olar. Göründüyü kimi coğrafi göstərici əmtəə ilə region arasında olan bağı ön plana çəkərək həmin bağ vasitəsi ilə əmtəə barəsində assosasiya yaradır. Coğrafi göstərici, həm də əmtəənin elə keyfiyyətlərinə işarə edir ki, əmtəəyə əlavə dəyər qazandıran bu keyfiyyətlərin ərsəyə gəlməsində həmin ərazinin insanlarının rolu böyükdür. Məsələn, roquefort pendirləri. Bu pendirlər Fransanın cənub qərbində-Roquefort-sur-Soulzon ətrafında hazırlanan, mavi pendir deyə xarekterizə olunan pendirlərdir.
Xüsusi ənənəyə uyğun əldə edilən südün xüsusiyyətləri, pendirin saxlandığı şərait və
pendir istehsalının hər addımında yerli mütəxəssislər tərəfindən istifadə olunan ənənəvi üsullar Roqueforta özünəməxsus xüsusiyyətləri və dadı verir.
Təəccüblü deyil ki, dünyada tanınmış Coğrafi göstəricilərin əksəriyyəti kənd təsərrüfatı məhsullarını fərqləndirmək üçün istifadə olunur. Çünki adətən kənd təsərrüfatı məhsulları istehsal olunduqları regionun iqlimi, coğrafi yerləşimi və s. faktorların təsiri altında öz spesifik xüsusiyyətlərini qazanırlar.
Bu məqamda qeyd etmək vacibdir ki, coğrafi göstəricilər həm də sənayə məhsullarını
İsveçrə saatı
fərqləndirmək məqsədi ilə də istifadə olunur. Məsələn, İsveçrə saatları. Saata “SWISS” coğrafi göstərici əlavəsi onun İsveçrədə ənənəvi qaydalar və xüsusi texnika vasitəsi ilə hazırlandığını göstərir. Yuxarıda da qeyd etdiyim kimi bu coğrafi göstərici artıq saata əlavə dəyər qataraq, istehlakçıda cəlbedici assosasiya yaratdı.
Coğrafi göstəricinin mahiyyətini daha yaxşı başa düşmək üçün onun üç əsas funksiyasına nəzər yetirək.
- Fərqləndirici- coğrafi göstəricilər bu göstərici altında istehsal olunan əmtəəni fərqləndirərək istehlakçının diqqətini əmtəənin coğrafi mənşəyinə yönəldir;
- Təbliğat– Coğrafi göstərici mənşəyini götürdüyü regionun yerli istehsalçılarının iş, gəlir əldə etməsinə kömək etməklə yanaşı, həm də daha az tanınmış ərazilərin inkişafına, iqtisadi cəhətdən dirçəlməsinə səbəb olur.
- Mühafizə- Coğrafi göstəriciləri ənənəvi biliklərin və ənənəvi mədəni ifadənin mühafizəsi kimi də qəbul etmək olar, çünki onlar adətən müəyyən regiondakı ənənəvi proseslərin nəticəsi kimi ortaya çıxırlar.
Göründüyü kimi coğrafi göstəricinin ilk funksiyası əmtəə nişanının funsksiyası ilə üst-üstə düşür, belə ki, həm coğrafi göstərici, həm də əmtəə nişanı əmtəə və xidmətləri digər əmtəə və xidmətlərdən fərqləndirərək istehlakçı üçün səssiz satıcı rolunu oynayır. Ancaq qeyd etmək zəruridir ki, bu önəmli ortaq xüsusiyyətə baxmayaraq əmtəə nişanı və coğrafi göstərici bir-birindən fərqlənir. Aşağıda onların əsas fərqlərini görə bilərsiniz:
- Coğrafi göstərici əmtəənin hansı regiondan qaynaqlandığını göstərir və adətən o regionun adı və ya həmin regionda məşhur olan əmtəə adı ilə ifadə olunur, əmtəə nişanı isə əmtəə və xidmətlərin hansı sahibkardan qaynaqlandığını göstərir;
- Coğrafi göstərici onun qaynaqlandığı regiondakı bütün insanlar tərəfindən əmtəənin müəyyənləşdirilmiş qayda və ənənələrə uyğun istehsal olunması şərti ilə istifadə edilə bilər, əmtəə nişanı ancaq onun sahibi və ya əmtəə nişanı sahibinin icazə verdiyi şəxslər tərəfindən istifadə edilə bilər;
- Coğrafi göstəricinin mənşəyini götürdüyü regiondan olmayan və ya coğrafi göstərici adı altında əmtəə istehsal edə bilmə səlahiyyətinə sahib olan istehsalçılar qrupuna aid olmayan şəxsə coğrafi göstəricidən istifadə üçün lisenziya verilə bilməz, əmtəə nişanı isə dünyanın istənilən nöqtəsindəki başqa sahibkara verilə bilər, çünki əmtəə nişanı əmtəə və xidmətlərin hansı sahibkardan qaynaqlandığını göstərir, regiondan yox.
İndi isə əmtəə nişanı və coğrafi göstəricilər kontekstində ümumişlək söz anlayışını analiz edək. Artıq bildiyimiz üzrə əmtəə nişanı və coğrafi göstəricinin oxşar xüsusiyyəti onların fərqləndirici təyinatıdır. Fərqləndirici xüsusiyyətə malik olmayan nişanlar əmtəə nişanı və coğrafi göstərici kimi qeydiyyata alına bilməzlər və onlar hüquqi cəhətdən mühafizə olunmurlar. Əmtəə nişanı və coğrafi göstərici kimi qeydə alına bilməyənlər sözlərdən biri də ümumişlək sözlərdi, çünki onların heç bir fərqləndirici xüsusiyyəti yoxdur. Məsələn, siz alma adı altında alma istehsal edib, sata bilməzsiniz. Səbəb “alma” adının sizin satdığınız əmtəə üçün heç bir fərqləndirici təyinatının olmamasıdır, belə ki, bu ad sizi başqa alma satanlardan fərqləndirmir. Ancaq alma adını texniki mallar üçün əmtəə nişanı kimi seçsəniz, o hüquqi mühafizə ilə təmin olunacaq. Məsələn, artıq brendə çevrilən “apple” əmtəə nişanını misal kimi göstərmək olar.
Artıq şampanla bağlı mübahisənin düyün nöqtəsi aydındır, belə ki, əgər şampan ümumişlək sözdürsə, o hüquqi mühafizədən məhrumdur və qazlı şərab istehsal edən bütün sahibkarlar tərəfindən istifadə oluna bilər. Lakin şampan coğrafi göstəricidirsə, yalnız Şampan vilayətində, xüsusi qaydalarla onu istehsal edənlər tərəfindən istifadə oluna bilər və hüquqi cəhətdən qorunur. Bu ziddiyyətin yaranmasına əsas səbəb isə həqiqətən də, şampanın ümumişlək söz kimi işlənməsinin geniş yayılmasıdır. Digər vacib nöqtə isə istehlakçı mövqeyidir. Yuxarıda da qeyd etdiyimi kimi Badamlı coğrafi göstəricisi altında Badamlının satılması istehlakçıya əmtəə haqqında məlumat verir və istehlakçı suyu məhz Badamlıdan olduğu üçün alır. Badamlıdan qaynaqlanmayan suyun bu ad altında satılması istehlakçının yanılmasına səbəb olub, eyni zamanda Badamlının mövcud reputasiyasına xələl gətirə bilər. Yəni, istehlakçı şampanı coğrafi göstərici kimi görməyərək onu sadəcə qazlı şərabı ifadə etmək üçün ümumişlək söz kimi istifadə edirsə, burada istehlakçının yanılması halı olmayacaq, çünki istehlakçı şampanın Fransanın Şampan vilayətindən gəlməsini gözləmir.
Məsələn, bizim ölkədə istehlakçı şampanın coğrafi göstərici olub olmaması haqqında nə qədər məlumatlıdır? Məsələn elə bizim bugün içdiyimiz şampandır? Çox ehtimal ki, yox, əziz oxucular, təəssüf ki, bugün çoxlarımızın şampan adı ilə içdiyi şampan deyil. Məsələ burasındadır ki, bizim (ölkədə əsas istehlakçı kütləsinin) istehlakçı olaraq da gözləntimiz elə içdiyimiz şampandır!
Bir çoz ölkələrdə qazlı şərabı ifadə etmək üçün şampan yox, başqa sözlərdən istifadə edilir, məsələn Spaniyada “cava”. Gözlənir ki, bizim ölkədə də müəyyənləşdirilmiş müddət çərçivəsində bununla bağlı sahibkarlarla iş aparılsın, “şampan” sözünə alternativ söz tapılaraq istifadə edilsin.
Qeyd etməliyəm ki, bu yazını yazmamışdan əvvəl oxuduğum mənbələrdən belə nəticəyə gəldim ki, hətta şampanın söz olaraq mənşəyi və onun fransız şərabı olub-olmaması barədə də birmənalı fikirlər yoxdu. Bu yazını yazarkən isə Dünya Əqli Mülkiyyət Təşkilatının mənbələrində bu içkiyə fransız qazlı şərabı kimi istinad edildiyindən bu qurumun yanaşmasını əsas götürdüm.
Mənbələr:
- Əmtəə nişanı və coğrafi göstəricilər haqqında qanun;
- https://www.wipo.int/sme/en/ip_business/collective_marks/geographical_indications.htm
- https://r.search.yahoo.com/_ylt=AwrC3Hy7gwtecTEAHSAPxQt.;_ylu=X3oDMTEycXY1bDdiBGNvbG8DYmYxBHBvcwMxBHZ0aWQDQjg0OTJfMQRzZWMDc3I-/RV=2/RE=1577841723/RO=10/RU=https%3a%2f%2fwww.academia.edu%2f4129516%2fA_case_of_champagne_a_study_of_geographical_indications/RK=2/RS=2G9p4Q5F4aoBiPo4Bp2xC8XhJQU-