Patent yoxsa kommersiya sirri?

sirr“Kentucky Fried Chicken” (KFC) orijinal resepti, Google axtarış algoritmi, New York Time Bestseller və daha neçə misal yazmaq olar ki,  kommersiya sirridir. Bunlardan ən məşhuru isə Coca Cola-ın reseptidir, belə ki, şirkət resepti patentləşdirmək əvəzinə, kommersiya sirri kimi qorumağı seçmişdi.  Niyə? 

Kommersiya sirri haqqında qanuna əsasən, kommersiya sirri hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatları əhatə edir.  Kommersiya sirri daşıyıcıları isə kommersiya sirrinin işarələr, təsvirlər, düsturlar, texnoloji proseslər, siqnallar və başqa formada ifadə edildiyi maddi və qeyri-maddi obyektlərdir. Hansı ki, bu obyektləri iki yerə  ayırmaq olar:

  1. Patent qabiliyyəti şərtlərinə cavab verməyən obyektlər, yəni yalnız kommersiya sirri kimi qoruna bilən obyektlər;
  2. Patent qabiliyyəti şərtlərinə cavab verən obyektlər.
venndiagram_1

Yuxarıdakı bölgünün verilmiş nömrələrə uyğun Venn diaqramında izahı (şəkil 1)

 Məhz ikincilər-patent qabiliyyəti şərtlərinə cavab verən obyektlər haqqında belə bir sual ortaya çıxır: onları kommersiya  sirri kimi qoruyaq ya patent kimi?  Qeyd etmək vacibdir ki,  “Patent yoxsa kommersiya sirri” seçiminin yaranması üçün kommersiya sirri  patent qabiliyyəti şərtlərinə cavab verməlidir.  Məsələn, kommersiya sirri abstrakt ideyaları da qoruyur, ancaq patent yox.  Başqa  bir misalda siz müştəri siyahınızı ancaq kommersiya sirri kimi qoruya bilərsiniz, burada patentdən söhbət gedə bilməz. Çünki müştəri siyahısı patent qabiliyyəti şərtlərinə cavab vermir.  Patent qabiliyyəti şərtləri dedikdə isə məsələn, patent haqqında qanuna əsasən,  ixtira üçün 1) yeni,  2) ixtira səviyyəli olan (bəlli olmayan) və 3)sənayedə tətbiq edilə bilmə şərtləri nəzərdə tutulur. . Kommersiya sirri üçün isə bu şərt onun dəyərli, gizli, açıqlanması sahibinin maraqlarına ziyan vura bilən xarekterdə olmasıdır. 

Nəticədə iki hüquqi qoruma rejimindən birinin seçilməsi zərüridir. Çünki hər iki qoruma bir-birini istisna edir, yəni  patent kimi qorunan obyekt artıq kommersiya sirri kimi qoruna bilməyəcək və əksi.  

Kommersiya sirri və patent kimi hüquqi mühafizənin əsas fərqli cəhətləri:

  • Qorumanın həcmi: patent (ixtira, faydalı model və sənaye nümunəsi üçümüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən veriləmühafizə sənədi) sahibinə müstəsna hüquqlar verir. Patent sahibi patentin qoruduğu obyektdən üçüncü şəxslərin istifadəsini qadağan edə bilər, və ya belə istifadəyə razılıq verə bilər. Kommersiya sirrində qoruma mexanizmi kommersiya sirrinin qanunsuz istifadəsindən sonra işə düşür. Belə ki, sizin kommmersiya sirri kimi qoruduğunuz məlumatı başqası legal yolla əldə edirsə, siz ona bundan istifadəni qadağan edə bilməzsiniz. Məsələn, kommersiya sirri kimi qorunan kokteyl reseptini evdar qadın öz çabası ilə əldə edirsə, edə biləcəyiniz bir şey yoxdur.  Patentdə isə belə deyil, məsələn, siz telefon ixtira etmisiniz, və buna patent almısınızsa hətta başqa biri sizin bu ixtiranızdan xəbəri olmadan telefon “ixtira” etsə belə buna patent ala bilməyəcək. Müstəsna hüquqlar yalnız sizə məxsus olacaq. Bu cəhətdən patent hüquq mühafizəsi kommersiya sirri ilə müqayisədə daha güclüdür. Əbəs yerə deyil ki, patenti leqal monapoliya da adlandırırlar.
  • Açıqlama:  Konfidensiallıq məsələsi patent hüququnda da öz əksini tapıb, belə ki, iddia sənədiniz müfaviq orqana daxil olduğu günə qədər ixtiranızı gizli saxlamalısınız. Növbəti mərhələdə isə patent haqqında qanuna əsasən,  müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum iddia sənədlərinə dair məlumatın özünün rəsmi bülletenində dərc edilməsini təmin edir. Bu hələ patent əldə etmək üçün müraciətin-iddia sənədinin dərc edilməsidir. Bundan sonrakı mərhələdə yəni, müfaviq qurum ixtira, faydalı model və sənaye nümunəsini qeydə aldıqdan və patent verdikdən sonra patent barəsində məlumatı rəsmi bülletenində dərc edir.Patentin qoruma müddəti bitdikdən sonra isə o  ümümiyyətlə, cəmiyyətə açıqlanır(disclosure). Məsələn, patenti alınmış A adlı dərmanın patentlə qoruma müddəti bitdikdən sonra onun tərkibi hər kəs üçün əlçatan olur. Ancaq adından da göründüyü kimi  kommersiya sirrinin açıqlanması onun mahiyyətinə ziddir. Belə ki, kommersiya sirri sahibi kommersiya sirri rejimini müəyyənləşdirir.  Kommersiya sirri rejiminin müəyyənləşdirilməsi müqavilə əsasında kommersiya sirrinin konfidentinə həvalə oluna bilər. 
  • Müraciət forması:  patent əldə etmək üçün şəxs iddia sənədi ilə müfaviq orqana müraciət edir, müəyyənləşdirilmiş rüsumu ödəyir. Əgər patent üçün müraciət edən şəxs xarici hüquqi və ya fiziki şəxsdirsə, belə müraciəti yalnız patent müvvəkili vasitəsilə edir.  Burada qeydiyyat vacib tələbdir.  Ancaq kommersiya sirri mühafizəsində nə qeydiyyat tələb olunur, nə iddia ərizəsi, nə də ki rüsum. Xərclər  kommersiya sirrinin qorunmasının təmin edilməsi üçün tədbirlər zamanı yarana bilər. Göründüyü kimi patentdə kommersiya sirrinə münasibətdə formal şərtlər daha çoxdur. 
  • Qorumanın müddəti:  belə müddət patent üçün maksimum 20 ili (qanunvericilikdə müəyyənləşdirilmiş hallarda 5 il artırıla bilər) əhatə edir. Kommersiya sirrində isə qoruma müddəti limitsizdir, başqa sözlə kommersiya sirriniz ortaya çıxana qədər. Qoruma müddətlərində olan bu fərq çox vaxt xüsusilə, sahibkarlar tərəfindən kommersiya sirrinin seçilməsi ilə nəticələnir. Ancaq qeyd etməliyəm ki, patentdə qoruma müddətinin qısa müddətli olması qorumanın həcmini-patent sahibinə verilən hüquqların sferasını artırır.

Sonda patent hüquqi mühafizəsinin üstün cəhəti onun sahibini daha güclü qoruma ilə təmin etməsidir. Mənfi cəhətləri isə qoruma müddətinin azlığı, formal tələblərin çoxluğudur. Kommersiya sirri kimi mühafizənin müsbət cəhətləri: qoruma müddətinin uzun olması, formal tələblərin, qeydiyyatın olmaması və cəmiyyətə açıqlanmamasıdır, mənfi cəhəti isə bütün bunlarla yanaşı hüquqi qorumanın patentlə müqayisədə zəiflidir.

Beləliklə, subyekt kommersiya sirri və patentin kəsişdiyi obyekt haqqında hüquqi qoruma rejimini seçərkən yuxarıda qeyd etdiyim xüsusiyyətlərin öz mənafeyinə uyğunluğunu analiz edir.

colaArtıq Coca Cola-nın niyə öz reseptini kommersiya sirri kimi qoruması aydındır:  qoruma müddətinin patentlə müqayisədə daha uzun müddətli olması. Əgər Coca Cola resepti patentlə qorunsaydı, 20 ildən sonra reseptin tərkibi məlum olacaqdı. Əlbəttə, bu şirkət üçün əlverişli deyil. Belə ki, kommersiya sirrinin cəlbedici tərəfi həm də onun insanlar üzərində sirrli, mistik təsiri buraxmasıdır. Bu sirr uzun müddət məlum olmadıqca insanların ona marağı artır,  bu da özünü istehlakçı sayında, şirkətin rəqibləri üzərində üstünlüyündə göstərir.

Mənbələr:

  1. Patent haqqında qanun;
  2. Kommersiya sirri haqqında qanun;
  3. https://www.wipo.int/sme/en/ip_business/trade_secrets/patent_trade.htm