Milyon dənə qızılgül

“Bir zamanlar bir rəssam varmış…”

Paylaşdığım linkə daxil olub, mahnını dinləməyə başlasanız, yəqin ki, ağlınıza ilk Alla Puqaçeva və onun məşhur “Миллион алых роз” ifası gələcək. Çünki bu litvalı xanımın ifa etdiyi “Dāvāja Māriņa meitenei mūžiņu” (English: Māriņa gave the girl life) mahnısının musiqisi, həm də “Миллион алых роз” (Azərbaycan: milyon qızılgül) mahnısının musiqisidir.  Yəni, hamımızın “Миллион алых роз” olaraq dinlədiyimiz mahnının musiqisi litvalı Raimonds Paulsun bəstəsidir. Sözügedən bəstəyə yenə litvalı olan Leons Briedis tərəfindən sözlər yazılıb və bu sözlərlə olan ilk versiyanı 1981-ci ildə (Alla Puqaçevadan əvvəl) Aija Kukule ifa edib. Mahnı sonradan dəfələrlə cover olunsa da, etiraf edək ki, onun ən məşhur və çox sevilən versiyası “Миллион алых роз” adlı versiyadır.

Belə ki, bu litva bəstəsinə rus yazıçısı Andrei Voznesensky tərəfindən yeni sözlər yazılır və mahnı 1982-ci ildə Alla Puqaçeva tərəfindən oxunur.  Andreyin yazdığı sözlərdə rəssamın aktrisaya olan sevgisindən və bu sevginin təcəssümü olan milyon qızılgüldən bəhs olunurdu. Rəssam, aktrisa və qızılgüllər…Maraqlıdır, yox?

Əgər siz heç olmasa bir dəfə Tiflis küçələrində gəzmisinizsə, əminəm ki, gürcü rəssamı Niko Pirosmaninin çəkdiyi rəsmlərlə qarşılaşmısınız.  Pirosmani rəsm çəkməyi özü öyrənmişdi, onun çəkdiyi rəsmlər primitiv üslubda olub, hətta Picassonun rəsmlərinə  də öz təsirini göstərmişdir.  Pirosmani rəsmlərində adətən,  sadə gürcü insanını və  tarixi obrazları əks etdirirdi.

Niko Pirosmaninin çəkdiyi rəsmlərdən bir neçəsi: 

Million Scarlet Roses from Niko Pirosmani    Million Scarlet Roses from Niko Pirosmani. Girl with a ball         Million Scarlet Roses from Niko Pirosmani    Million Scarlet Roses from Niko Pirosmani

Rəssam kasıb gürcü ailəsində doğulub və kiçik yaşlarında hər iki valideynini itirmişdir.  Bir çox sənətçi kimi Pirosmaninin də həyatı maddi sıxıntılarla dolu idi, hətta o bəzən öz rəsm əsərlərini ərzaq qarşılığında satmalı olurdu. Ancaq rəssam həyatı boyu fərqli peşələrdə işləyərək, maddi ehtiyacını qarşılamağa çalışırdı. Bu cəhətdən onu digər eyni həyatı bölüşən sənət adamlarından fərqləndirmək olar,  o həmişə  necəsə cəhd edirdi. Məncə, Pirosmaninin həyatının bu mərhələləri ən yaxşı 1969-cu ildə çəkilən Pirosmani adlı bioqrafik filmdə əks olunub. Filmi izləyərkən həm onun rəsmlərini, həm də həmin rəsmlərin qaynaqlandığı insanları, coğrafiyanı görmək şansı əldə edəcəksiniz.

Təəssüf ki, Pirosmani sağlığında bir rəssam kimi lazımı diqqəti görməyib. Bunun səbəblərindən biri də onun yuxarıda da qeyd etdiyim kimi primitiv üslubda rəsmlər çəkməsi idi. Qeyd etdiyim üslubdakı rəsmlər o dövrki rəssamlar tərəfindən “uşaq kimi” çəkilmiş rəsmlər kimi qəbul olunurdu.  Pirosmani yalnız ömrünün axırlarına yaxın  gürcü rəssamlar cəmiyyətinə qoşulur, ancaq bir müddət sonra bu cəmiyyətin rəssamlarından biri Pirosmaninin üslubunu lağa qoyaraq onun karikaturunu qəzetlərdən birində çap etdirir. Aydın məsələdir ki, bu hadisədən sonra cəmiyyət daxili münasibətlər gərginləşir.

Bir çox sənət adamı kimi Pirosmani də öldükdən sonra məşhurluq qazanır (hətta gürcü larisinin üzərində Pirosmaninin rəsmi var).  1920-30-cu illər onun sadəlövh üslubu xüsusilə, Paris rəssamları arasında məşhurlaşır. Yəqin fikirləşirsiniz ki, niyə məhz Paris? Çünki rəssamın Parisdə belə məşhurlaşmasının səbəbi təkcə yaratdığı rəsm əsərləri deyildi, həm də…

Tanınmış fransız müğənnisi və aktrisası Marguerite de Sevres 1905-ci ildə Tiflisə gəlir.  Pirosmani bu gözəl və cəlbedici aktrisanı Tiflisdəki çıxışların birində görür və ilk görüşdən ona aşiq olur.  Nəticədə özünün məşhur “Aktrisa Marqarita” adlı rəsm əsərini yaradır.

Aktrisa Marqarita

Niko ilə Margarita arasında olan münasibət haqqında müxtəlif versiyalarda əfsanələr Gürcustanda çox yayılmışdır. Onlardan ən məşhuruna görə, Pirosmani aktrisanı o qədər sevirmiş ki, onun yaşadığı yerin ətrafından ayrılmayaraq hər gün onun gəlişini gözləyir, aktrisanın keçdiyi yolları öpüb, ağlayırmış.  Marqarita isə rəssama laqeyd yanaşaraq onun sevgisinə qarşılıq vermirdi, hətta Pirosmaninin şiddətli sevgisi onu narahat edirdi. Bir gün Pirosmani malik olduğu hər şeyi satıb, şəhərdəki bütün gülləri (arasında ən çox qızılgüllər varmış) alaraq, Marqaritanın yaşadığı evin hər yerini güllərlə əhatələyir. Aktrisa yuxudan ayılır və güllərin qoxusu onu cəlb edir, o pəncərəyə yaxınlaşanda ətrafdakı gülləri görərək təəccüblənir. Marqarita həyəcanlanaraq, evin həyətinə çıxıb, rəssama ilk və son öpüşünü hədiyyə edir. O gündən sonra aktrisanı şəhərdə görən olmur, o varlı aşiqi ilə şəhəri tərk edir. Ancaq digər versiyaya görə isə onlar heç vaxt görüşməyiblər.

Million Scarlet Roses from Niko Pirosmani. Margarita in life and in painting

1969-cu ildə Pirosmaninin rəsmləri Luvr müzeyində sərgilənir və həmin sərginin ən çox diqqət cəlb edən parçası “Aktrisa Marqarita” rəsmi olur.  Deyilənə görə, sərgi müddətində hər gün həmin rəsmi bir yaşlı qadın seyr etmək üçün müzeyə gəlirmiş. Ətrafdakılar yaşlı qadının baxışlarının rəsimdəki cavan aktrisanın baxışları ilə oxşar olduğunu iddia edərək, güman edirlər ki, bu yaşlı qadın elə Marqaritadır. Kim bilir?

Bu hekayə tamamilə əfsanələrə, fərziyyələrə əsaslana bilər, amma həqiqət budur ki, “Aktrisa Marqarita” rəsmi Pirosmani tərəfindən çəkililib, rəssamın da həqiqəti elə onun rəsmləridir, yox?

Beləliklə, Andrei Voznesensky   məhz bu  hekayədən ilhamlanaraq “”Миллион алых роз” mahnısının sözlərini yazır. Axı necə ilhamlanmasın, təsəvvür edirsiniz, bir gün yuxudan oyanırsınız ki, ətrafınızda milyonlarla qızılgül…Bu güllər indi hədiyyə edilən bahalı gül buketlərindən fərqlənirdi, onlar sevgini ifadə edirdi, göstərişi yox. Təhminə demiş, “gör, o vaxtlar necə sevərlərmiş, Zaur”.

Sonda isə sizinlə gənc qrafik dizayner Tatia Koberidze tərəfindən tərtib edilmiş “Aktrisa Marqarita” rəsminin qrafik illustrasiya versiyasənı paylaşıram.

Aktrisa Marqarita 21-ci əsrdə: