Palliativ xidmət nədir?

palliativePalliativ sözü latıncadan “pallium”- “palto”  metoforik mənasında işlənərək xəstə və onun yaxınlarının qorunmasını  ifadə edir. Palliativ xidmət xəstəliyin ağırlaşan və  ya geridönməz mərhələsi diaqnozu qoyulmuş pasiyentlərin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə onlara və ailə üzvlərinə göstərilən xidmətlərin məcmusudur.  Palliativ xidmət xəstəliyin tam sağalmasını hədəfləmir (care, not cure), onun əsas məqsədi artıq yaşamlarını sonlandıracaq xəstələrin bu zaman kəsiyini daha keyfiyyətli, mümkün olduğu qədər ağrısız keçirmələridir. Göstərilən bu qayğı ancaq pasiyenti əhatə etmir, onun ailə üzvləri, yaxınları da bu qayğıdan kənarda qalmayıb, palliativ baxımın ayrılmaz hissəsinə çevrilirlər.

Sözügedən xidmətin həyata keçirilməsi prosesini 1) pasiyentin ölümünə qədər; 2) pasiyentin ölümündən sonra mərhələləri ilə şərtləndirmək mümkündür.

İlk mərhələdə pasiyentin fiziki ağrılarının qarşısının adekvat şəkildə alınması üçün ağrı şkalalarından istifadə olunur. Belə ki, ağrı şkalalarının köməyi ilə xəstənin ağrısı obyektiv şəkildə qiymətləndirilib, ağrının dərəcəsinə uyğun ağrıkəsici tətbiq olunur. Fiziki ağrılarla bərabər psixoloji, mənəvi əzabların da azaldılması əsasdır. Bu zaman pasiyentin subyektiv göstəriciləri: yaşı, cinsi, dini, sənəti, həssas olduğu mövzular, sevdiyi məşğuliyyətlər, arzuları və s. nəzərə alınır. Məqsəd xəstəlik müddətində pasiyentin yaşam keyfiyyətini artırmaqdır. Digər bir məsələ isə uzun müddət pasiyentə baxmış ailə üzvlərinin, yaxınların yaşadığı yorğunluqdur. Bəzən bu yorğunluq  onların pasiyentə qarşı münasibətini dəyişə bilər. Həm bunun qarşısını almaq üçün həm  də  dəstək məqsədi ilə xəstənin ailə üzvlərinin, yaxınlarının yaşadığı yorğunluğun minimum səviyyəyə çatırılması üçün tədbirlər görülür (respite).

İkinci mərhələ pasiyentin ölümü ilə başlayır. İlk olaraq pasiyentin dəfn edilməsi onun dini inanclarına uyğun və ya sağlığında arzuladığı (qanuna zidd olmayan) şəkildə həyata keçirilir. Bəzən bu müddətdə pasiyentin ailə üzvləri və ya  yaxınları özlərini pasiyentə kömək edə bilməməkdə günahlandırıb, mənəvi borclarını yerinə yetirmədiklərini düşünürlər. Belə olduqda onlara psixoloji dəstək zəruri olur. Nəzərə almalıyıq ki, palliativ xidmət kompleks şəkildə hüquqşünaslar, psixoloqlar, həkimlər, tibb bacıları və s. tərəfindən qarşılıqlı şəkildə həyata keçirilən xidmətdir.

Digər əsas məsələ palliativ baxımın göstəriləcəyi məkandır. Bu məkanın ev olması bəzən palliativ xidmətin effektivliyini azalda bilər.( texniki şərait, avadanlıqların yoxluğu və s. səbəbdən) Eyni zamanda xidmətin xəstəxanada həyata keçirilməsi də onun məqsədlərinə nail olunmasını mümkünsüz edə bilər. Çox zaman insanları ölümdən çox ölüm şəraiti düşündürür, onlar həyatlarının axırıncı zaman kəsiklərini xəstəxana künclərində keçirmək istəmirlər. Bütün bunları nəzərə  alaraq xospislər yaradılmışdır. Latıncadan  “qonaqpərvərlik”, “yaxşı qarşılama” və s. mənasında işlənən xospislərin tarixi qədimdir. Ancaq ilk dəfə Dr. Cicely Saunders  Londonda modern xospisi quraraq günümüzdəki xospis düşüncəsinin prinsiplərini yaratmışdır. Aşağıdakı şəkil “Saint Christaphers” xospisinin görüntüsüdür:Sekil2

Xospis üçün əsas tələb ev kimi, ev biçimində olmasıdır. Orada xidməti göstərən şəxslərin sayları da xüsusilə xəstəxana abu-havası yaratmasın deyə azdır. Eyni zamanda xospisin dizaynı, əşyalar, rənglər xəstə tərəfindən seçilir. Xospisə qəbul xəstəliyin son 6 ayında həyata keçirilir, xəstənin qovluğu xospis işçisinə əvvəlcədən göndərilir. Bunun sayəsində artıq xəstə haqqında zəruri məlumatlar əldə edilir və bu bilgilərə əsasən onun qalacağı yer hazırlanır. Palliativ xidmətin xospisdə keçirilən müddətində xəstənin yemək saatları, yaxınlarının onu ziyarət etmə zamanları və s. bu kimi istəklərə xəstə tərəfindən müstəqil olaraq qərar verilir. Bu kimi xüsusiyyətlər xospisi xəstəxanadan fərqləndirir. Nəzərinizə çatdırım ki, xəstə və onun yaxınları tərəfindən xospisin mahiyyətinə uyğun olmayan davranışlar sərgilənərsə, xospisdə palliativ xidmətin davam etdirilməsinə son qoyula bilər.

Qeyd etmək istəyirəm ki, palliativ xitmət pulsuz həyata keçirilir.  Palliativ xidmətlərin, xospislərin yaradılmasına cavabdeh təşkilatlar Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyidir.

İnsanın ölümü də  ləyaqətli şəkildə olmalıdır.  Uzun xəstəlik dövrü keçib, artıq fiziki cəhətdən digər insanlardan asılı olmaq (hətta bu insanlar sənin yaxınların olsa belə) şəxsin özünün öz gözündə kiçilməsinə səbəb ola bilər. Bu da artıq fiziki ağrılarla bərabər psixiloji, mənəvi ağrılara da gətirib çıxarır. Bunun qarşısını almaq üçün palliativ xidmətin dövlət tərəfindən dəstəklənib, həyata keçirilməsi zəruridir. Azərbaycanda son vaxtlar bu məsələ ilə bağlı danışıqlar aparılıb, statiskalar aparılsa da təəssüf ki,  hələ ki, palliativ xidmət yox dərəcəsindədir. Buna səbəb kimi insanlarımızın yanaşma tərzinin də rolu danılmazdır. Belə ki, çox vaxt pasiyentin ailə üzvləri, yaxınları üçün xəstəyə başqa yerdə, başqa insanlar tərəfindən baxılması qəbul edilməzdir. Belə olan halda özlərini yaxınlarının qarşısında mənəvi borcunu yerinə yetirə bilməmiş kimi hiss edirlər. Ancaq bu zərərli baxış açısıdır, ən çox da elə pasiyentin özünə.  Bunu aşacağımıza və ölkəmizdə də palliativ xidmət mərkəzlərinin faydalı fəaliyyətinin olacağına inanıram.

Sonda isə Cicely Saunders”in palliativ xidmətin mahiyyətini  açıqlayan  “Palliativ xidmət yaşama illər artırmır, illərə yaşam artırır.” fikri ilə yazımı sonlandırıram.   sekil3

Palliativ xidmət nədir?” üzərinə 10 şərh

  1. Ulviyya's avatar Ulviyya dedi ki:

    Cox maraqli yazidir, ekseriyyetimizin bu xidmet novu baresinde umumiyyetle melumati yox idi , melumatlandirdigin ucun ise sene tesekkur edirem 🙂

    tərəfindən bəyənildi 1 şəxs

Firuzə üçün bir cavab yazın Cavabı ləğv et